Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar nəticəsində həlak olanların sayı 300 nəfərə çatıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus özünün tviter hesabında yazıb. Onun sözlərinə görə, döyüşlər zamanı, həmçinin 3 mindən çox insan yaralanıb.
Qeyd edək ki, Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla xüsusi təyinatlı qüvvələrin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı ölkədə vəziyyətin gərginləşməsinə səbəb olub. Aprelin 15-də Merove şəhərində və paytaxt Xartumda iki güc strukturu arasında ağır silahların da istifadə olunduğu toqquşmalar başlayıb.