İsrailin Baş naziri Benyamin Netanyahu Rexovot şəhərindəki “Stakeholder Foods” startap-şirkətində olub. Bu şirkət heyvan kəsilməsi, daşınması və qida məqsədləri üçün emaldan istifadə olunmadan laboratoriya şəraitində əsl ət məhsulları istehsal edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, şirkət dünyada ilk dəfə olaraq balıq istehsalı üçün 3D printerindən istifadə etməyə başlayıb. Benyamin Netanyahu laboratoriya şəraitində istehsal olunan balıq və ətin dadına baxıb, müxtəlif printerlərə tamaşa edib.
Baş nazir bildirib ki, insan tərəfindən qida məhsullarının istehsalında inqilab baş verir. İsrail alternativ zülal sahəsində tədqiqatlarda və biznesdə dünya lideridir. Yaxın günlərdə ilk İsrail şirkəti fermentasiya texnologiyası əsasında süd istehsalına icazə alacaq. Netanyahu hökumətin şirkətlərə irəli getmək, texnoloji liderliyi qoruyub saxlamaq və inkişaf etdirmək üçün yardım planı üzərində işlədiyini deyib.
“Bu gün biz balıqsız istehsal olunan balıq, dana və inəkdən istifadə olunmadan mal əti yedik. Bu, inqilabdır. İsrail alternativ zülal sahəsində dünya lideridir və onun liderliyi davam etdirməsinin qeydinə qalırıq. Tezliklə dünyanı dəyişəcək yeni həllər və yeni yüksəkliklər olacaq”, - deyə Baş nazir vurğulayıb.