Yaponiyanın Miyazaki şəhərində keçirilən iki günlük görüşdən sonra G7-nin kənd təsərrüfatı nazirləri taxıl sazişinin əhəmiyyətini təsdiqləyib və onun uzadılmasını, tam icrasını və genişləndirilməsini qəti şəkildə dəstəkləyiblər.
Bu barədə G7 ölkələrinin kənd təsərrüfatı nazirlərinin birgə bəyanatında deyilir.
"Biz Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsünün əhəmiyyətinin fərqindəyik. Bu baxımdan onun uzadılması, tam həyata keçirilməsi və genişləndirilməsinə güclü dəstəyimizi ifadə edirik", - sənəddə deyilir.
Xatırladaq ki, 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Ukrayna taxılının, ərzaq və gübrəsinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur.
Gəmi hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. 2023-cü il martın 18-də sövdələşmə 60 gün - mayın 18-dək uzadılıb.(AzVision.az)