Amerika silahlı qüvvələri prezident Co Baydenin göstərişi ilə ABŞ dövlət qulluqçularını Sudan ərazisindən təxliyə edib, ölkədəki səfirliyin fəaliyyəti müvəqqəti dayandırılıb.
“Bu gün mənim göstərişimlə Amerika hərbçiləri ABŞ dövlət qulluqçularının Xartumdan təxliyəsi üzrə əməliyyat keçirib”, - dövlət başçısı bildirib. O, evakuasiyaya görə Cibuti, Efiopiya və Səudiyyə Ərəbistanına təşəkkür edib.
Bayden Sudanda amerikalılara hər cür yardım göstərmək üçün davam edən işlər haqqında müntəzəm hesabatlar aldığını söyləyib.
"Biz bu səyin bir hissəsi kimi müttəfiqlərimiz və tərəfdaşlarımızla da sıx əməkdaşlıq edirik", - ABŞ lideri bildirib.
Onun sözlərinə görə, Sudanda zorakılıq qəbuledilməzdir və bitməlidir.
"Müharibə edən tərəflər dərhal və qeyd-şərtsiz atəşi dayandırmalı, humanitar yardımların maneəsiz çıxışını təmin etməli və Sudan xalqının iradəsinə hörmət etməlidir. Biz ABŞ-ın Sudandakı səfirliyinin fəaliyyətini dayandırırıq, lakin Sudan xalqına və onların özləri üçün istədikləri gələcəyə sadiqliyimiz dəyişməz qalır”, - deyə ABŞ prezidenti yekunlaşdırıb.
Aprelin 22-də Sudan ordusunun sözçüsü bildirib ki, Britaniya, Çin, ABŞ və Fransa öz hərbi hava qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarələri ilə öz vətəndaşlarını Xartumdan təxliyə edirlər.(AzVision.az)