Fransada Əmək Gününə həsr olunan pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyalarında 100-dən çox polis yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin daxili işlər naziri Cerald Darmanen deyib.
Onun sözlərinə görə, bütün Fransada keçirilən etiraz aksiyalarında 291 nəfər saxlanılıb, onlardan 90-ı Parisdə olub.
Nazir qeyd edib ki, nümayişlərdə pilotsuz təyyarələrdən istifadə Lionda meriya binasına hücum edən aqressiv etirazçıları tez bir zamanda saxlamağa imkan verib.
Fransa Daxili İşlər Nazirliyi etirazlarda iştirak edənlərin sayını təxminən 800 min nəfər olduğunu qeyd edib.
**19:13(01.05.2023)
Fransada 1 may – əmək günü münasibətilə ölkədəki pensiya islahatlarına qarşı mitinqlər keçirilir.
Bu barədə yerli “France24“ kanalı bildirib.
Paytaxt Parisdə, Nantda, Tuluza və digər şəhərlərdə polis qüvvələri nümayişçilərə qarşı səs qumbaralarından istifadə edir.
Təhlükəsizlik qüvvələri əməkdaşları aksiya iştirakçılarını su şırnaqları və gözyaşardıcı qazın köməyi ilə dağıtmağa çalışır.
Həmçinin qeyd edək ki, Fransa hökuməti bu gün bütün ölkə üzrə 500-650 min, Parisdə isə 100 minə qədər insanın küçələrə çıxacağını gözləyir.
Xatırladaq ki, Fransada pensiya yaşının artırılmasını və bir sıra xüsusi pensiya imtiyazlarının ləğvini nəzərdə tutan pensiya islahatı layihəsi bu ilin yanvarında təqdim olunub. Bu layihə ölkə ərazisində kütləvi nümayişlərə və tətillərə səbəb olub.
14 apreldə Konstitusiya Şurası pensiya islahatını dəstəkləyib, bir neçə müddəalar çıxarılıb, lakin əsas müddəa - pensiya yaşının 62-dən 64-ə qaldırılması təsdiq edilib və bundan sonra Emmanuel Makron sənədi imzalayıb.(APA)