Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında pandemiya ilə əlaqədar cari vəziyyət müzakirə edilib.
Senzor.az bildirir ki, bu barədə ÜST-nin Azərbaycan Ofisi məlumatı yayıb.
İclasda Komitə tərəfindən qeyd olunan tövsiyələrə əsasən, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib.
Bu, o deməkdir ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər.
Dr. Qebreyesus eyni zamanda bildirib ki, bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil: “Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmaqda davam edir”.
Qeyd edək ki, Beynəlxalq Tibbi-Sanitariya Qaydalarında (2005) ictimai səhiyyədə beynəlxalq fövqəladə hal “xəstəliyi digər ölkələrə yayma riski daşıyan və potensial olaraq əlaqələndirilmiş beynəlxalq cavab tədbirləri tələb edən fövqəladə hadisə” kimi müəyyən edilib. Bu, hadisənin ciddi, qəfil, qeyri-adi və ya gözlənilməz hal kimi səciyyələndirilməsi deməkdir və bu təqdirdə xəstəlik təsirə məruz qalan dövlətin sərhədindən kənarda ictimai sağlamlıq üçün təhlükə doğurduğuna görə təcili beynəlxalq tədbirlər görülməsi tələb olunur.
**17:59
Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (PHEIC) statusunun bitdiyini bəyan edib.
CNN xəbər verir ki, ÜST-ün Beynəlxalq Fövqəladə Səhiyyə Tənzimləmələri Komitəsinin 15-ci iclasında COVID-19 pandemiyası müzakirə edilib.
Qeyd olunub ki, təşkilatın Baş katibi Tedros Adhanom Gebreyesus komitənin COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti statusunun ləğv edilməsi təklifi ilə razılaşıb.
“Bir ildən çoxdur ki, pandemiya azalma trendi göstərib. Bu trend bir çox ölkələrə COVID-19-dan öncəki həyata qayıtmaq imkanı verib. Dünən fövqəladə vəziyyət komitəsi 15-ci dəfə görüşüb və mənə tövsiyə edib ki, mən beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyətinin bitdiyini elan edim. Mən tövsiyəni qəbul etmişəm”, - Gebreyesus mətbuat konfransında deyib.(APA)