Yaponiyanın Baş naziri Fumio Kişida Cənubi Koreyaya rəsmi səfərə gedib.
Bu, son 12 ildə Yaponiya Baş nazirinin Cənubi Koreyaya ilk səfəridir.
Baş nazir Fumio Kişidanın Cənubi Koreya lideri ilə həm məhdud, həm geniş tərkində keçiriləcək görüşlərdə təhlükəsizlik, yüksək texnologiyalar sənayesi, elm və texnologiya, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Təbii ki, tərəflərin danışıqlarının mərkəzində duran mövzulardan biri Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı ikitərəfli, habelə ABŞ da daxil olmaqla üçtərəfli formatda əməkdaşlıq məsələsidir.
AZƏRTAC xatırladır ki, mart ayında Cənubi Koreya Prezidenti Yun Sok Yolun 12 illik fasilədən sonra Yaponiyaya rəsmi səfəri Asiyanın inkişaf etmiş iki qonşu ölkəsi arasında kökü yapon istilası dövrünə (1910-1945-ci illər) gedib çıxan soyuq siyasi münasibətlərin normallaşmasına imkan verib. Belə ki, Koreya tərəfi uzun illərdir Yaponiyadan işğal dövründə məcburi əməyə, habelə cinsi istismara məruz qalmış koreyalılara təzminat ödəməsini tələb edirdi. Tərəflər bu məsələyə dair heç cür razılığa gələ bilmirdilər. Hətta hər iki tərəfin müttəfiqi olan Vaşinqtonun da çağırışları səmərə verməmişdi. Amma Prezident Yun Sok Yol Yaponiyaya yola düşməzdən təxminən iki həftə əvvəl mübahisəni sonlandırmaq barədə planını elan edib. Plana əsasən, zərərçəkənlərə təzminat Koreya şirkətlərinin ianələri əsasında formalaşacaq ictimai fondlardan ödəniləcək. Bu qərara Cənubi Koreyada etiraz edənlər olduğu halda, Yaponiyanın Baş naziri Fumio Kişida Cənubi Koreya hökumətinin planını alqışlayaraq, yapon şirkətlərinin də həmin fonda vəsait köçürə biləcəyini deyib. Prezident Yun Sok Yol administrasiyası müxalifətin və ictimaiyyətin bir qisminin etirazlarına baxmayaraq, Yaponiya ilə siyasi əlaqələrin inkişafında və təhlükəsizlik sahəsində əməkdaşlıqda israrlıdır.
Seulda belə hesab edirlər ki, Şimali Koreyanın nüvə-raket fəaliyyəti və Çinin Asiya-Sakit okean regionunda hərbi ambisiyalarının çoxalması fonunda Cənubi Koreya ilə Yaponiyanın, habelə tərəflərin ABŞ ilə üçtərəfli formatda təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirmələrinə ciddi ehtiyac var.