Ukraynanın gözlənilən əks-hücumu həyata keçirməsi üçün daha çox vaxta ehtiyacı var.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski bir qrup Avropa ictimai telekanallarına açıqlamasında deyib. O, ordunun hələ də Qərbin söz verdiyi hərbi yardımlarıa ehtiyac duyduğunu vurğulayıb:
“Hazırda əlimizdə olanlarla hücuma keçə və uğur qazana bilərik. Lakin biz çox insan itirərik. Düşünürəm ki, bu, qəbuledilməzdir. Ona görə də bizim gözləməyə ehtiyacımız var. Bizim hələ də bir qədər vaxta ehtiyacımız var”.
Zelenski Ukraynanın döyüş briqadalarının əks-hücuma hazır olduğunu, lakin ordunun hələ də zirehli texnika da daxil olmaqla bir sıra vasitələrə ehtiyac duyduğunu qeyd edib.
Zelenski Rusiyaya ərazi güzəştinin mümkün olmadığını da əlavə edib:
“Hər kəsin bir fikri ola bilər, lakin onlar Ukraynaya öz ərazilərini təslim etməsi üçün təzyiq göstərə bilməzlər. Nə üçün dünyanın hər hansı bir ölkəsi öz ərazisini Putinə verməlidir?”, - Zelenski deyib.(APA)