“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri Xirosimada sammitin Prezident Volodimir Zelenskinin iştirakı ilə Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş yekun iclaslarından birinə başlayıblar.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, iclasa daha sonra G-7 sammitinə dəvət olunmuş ölkələrin - Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderləri də qoşulacaqlar.
Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, əvvəlcə Ukrayna Prezidenti sammitdə onlayn iştirak etməli idi. Belə bir razılaşma baş nazir Fumio Kişidanın mart ayında Kiyevə səfəri zamanı əldə olunub. Bununla belə, Zelenski daha sonra “sammitdə şəxsən iştirak etmək arzusunu ifadə etdi” və Tokio sonda bu təklifi qəbul etdi.
Qeyd edək ki, G7-yə bu il Yaponiya sədrlik edir və sammitini mayın 19-dan 21-dək Xirosimada keçirir.