Moldovanın paytaxtı Kişinyovun mərkəzində Avrointeqasiyaya dəstək məqsədilə mitinq keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mitinqə 80 minə yaxın insan qatılıb.
Prezident Maya Sandu tərəfindən elan edilən mitinqdə dövlət başçısının özü və sırf bu tədbir üçün ölkəyə səfər edən Avropa Parlamentinin sədri Roberta Metsola çıxış ediblər.
Mitinq iştirakçıları ölkənin Avropaya inteqrasiyasını dəstəkləyən qətnamə qəbul ediblər. Sənəddə qeyd olunur ki, Moldova Avropa İttifaqının tamhüquqlu hissəsi olmağa çalışır, bu, sabitliyə zəmanət verə və ona öz potensialını reallaşdırmağa imkan verə bilər.
Aksiyaya qatılanlar, həmçinin Moldovanın bütün siyasi qüvvələrini ölkənin Avropa kursunu dəstəkləməyə çağırıblar. Aksiyaçıların fikrincə, bunun üçün Moldovanın Konstitusiyasına Aİ-yə daxil olmaq məqsədini yazmaq, İttifaqa üzvlüklə bağlı danışıqların tez başlamasını təmin etmək və bu məqsədə çatmaq üçün dövlət strukturlarının gücləndirilməsinə dəstək vermək lazımdır.
Tədbirdə asayişi təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşları bir dənə də olsun insident qeydə almayıblar.