Belarus Prezidenti Aleksandr Lukaşenko internetdə onun xəstəliyi ilə bağlı fərziyyələri şərh edərkən bu cür mülahizələrə son qoymağa çağırıb və ölməyə hazırlaşmadığını vurğulayıb.
“BelTA” xəbər verir ki, dövlət başçısı bu barədə səhiyyənin aktual məsələlərinə dair müşavirədə danışıb.
Belarus Prezidenti adenovirusa yoluxduğunu açıqlayıb: “Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Sakit olun. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Bu adi adenovirus idi...”.
O əlavə edib ki, iş qrafiki çox olduğundan müalicə olunmaq imkanı olmayıb və “hər şey üst-üstə yığılıb”.
“Ona görə də, uşaqlar, mən öləsi deyiləm. Siz hələ çox uzun müddət mənimlə əziyyət çəkəcəksiniz”, – Lukaşenko xəbərdarlıq edib.