“British Airways” kompüter nasazlığına görə son iki gündə 146 reysi ləğv edib.
Məlumatı “Financial Times” qəzeti yayıb.
Bildirilib ki, cümə axşamı şirkət 80 reysi, cümə günü isə yalnız günün birinci yarısında daha 66 reysi ləğv etmək məcburiyyətində qalıb.
Orta hesabla “British Airways” təyyarələri gündə təxminən 850 daxili və beynəlxalq uçuş həyata keçirir. Eyni zamanda, qarşıdan gələn yaz tətili və həftə sonları ilə əlaqədar Britaniya hava limanlarında sərnişin axını kəskin şəkildə artıb.
“Uçuşlarımızın böyük əksəriyyəti bu gün yerinə yetirilsə də, dünən texniki nasazlıq səbəbindən Hitroudan bəzi qısamüddətli uçuşları ləğv etdik", - deyə şirkət sərnişinlərdən üzr istəyib.
“British Airways” hələ ki, nasazlığın nədən ibarət olduğunu və onun nəticələrinin tam olaraq nə vaxt aradan qaldırılacağını açıqlamayıb.