İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İrandakı nüvə obyektlərindən birində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaq qərarını “İranın təzyiqi altında edilən güzəşt” və “təşkilatın tarixindəki qara ləkə” adlandırıb.
TASS bildirir ki, Baş nazir bu barədə Nazirlər Kabinetinin həftəlik iclasında məlumat verib.
“İrana gəlincə, bu ölkə BAEA-ya yalan danışmağa davam edir. İranın təzyiqi altında edilən güzəşt bu təşkilatın tarixində qara ləkədir”, - baş nazirin ofisi onun sözlərini yayıb.
Baş nazir bildirib ki, BAEA-nın qərarı “İran rəhbərliyinin nüvə silahı əldə etməyə çalışaraq beynəlxalq ictimaiyyəti aldatmağa davam edə biləcəyi mesajıdır”.
Xatırladaq ki, mayın 30-da agentlik İrandakı nüvə obyektlərindən birində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı dayandırıb. Halbuki, hələ fevral ayında BAEA müfəttişləri müntəzəm yoxlama nəticəsində İranın təxminən 84% zənginləşdirilmiş uran aldığını aşkar ediblər.