Liviyadan İtaliyaya qeyri-qanuni mühacirlər daşıyan balıqçı gəmisinin batması nəticəsində 300-ə yaxın pakistanlı ölüb.
“İnterfaks” xəbər verir ki, bu barədə Pakistan Senatının sədri Sadiq Sancraninin ofisi məlumat yayıb.
“Senat sədri Sadiq Sancrani Yunanıstan sahillərində gəminin qəzaya uğraması nəticəsində 300-ə yaxın pakistanlının faciəvi şəkildə həlak olmasına görə dərin hüzn keçirir”, - Sancraninin ofisinin tviter səhifəsində yazılıb.
Pakistanın Baş naziri Şahbaz Şərif batmış qayıqla bağlı insidentin başvermə şəraitini aydınlaşdırmaq üçün yüksək səviyyəli təhqiqat aparılmasına dair göstəriş verib.
Yunanıstan mətbuatı yazır ki, Yunanıstan rəsmiləri ölənlərin sayını hələ ki təsdiqləməyib.
Qayıq iyunun 14-də batıb. BMT-nin miqrasiya agentliyi onun göyərtəsində təxminən 750 nəfərin olduğunu bildirib. Yüzlərlə insan ölüb. Avropa Komissiyasının daxili işlər üzrə üzvü İlva Yohanssonun sözlərinə görə, faciə Aralıq dənizində baş vermiş ən dəhşətli faciələrdən biri olub.
Faciədən sonra Yunanıstan hökuməti üç günlük matəm elan edib.(“Report”)