Serbiyanın Kosovo ilə sərhədindəki yollarda barrikadalar qurulub.
Kosovonun Serbiya yük maşınlarına tətbiq etdiyi qadağaya cavab olaraq yük avtomobillərinin sürücülərindən ibarət qrup Kosovo ilə sərhəddəki Yarinye, Merdare və Brnyak nəzarət-buraxılış məntəqələrinə gedən yolları bağlayıb.
Aksiya çərçivəsində Kosovo və xarici dövlət nömrə nişanlı yük avtomobillərinin və ya avtobusların keçidinə icazə verilmədiyi qeyd edilib. Nəzarət-buraxılış məntəqələrində yük maşınlarının sayının durmadan artdığı bildirilir.
Qeyd edək ki, Serbiya və Kosovo arasında gərginlik yenidən artıb. NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri (KFOR) və ABŞ tərəfləri gərginliyi dərhal azaltmağa və birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb. Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Serbiya Prezidenti Aleksandar Vuçiçi və Kosovonun Baş naziri Albin Kurtini bu həftə ərzində Brüsseldə fövqəladə iclas keçirməyə dəvət edib.
AZƏRTAC xatırladır ki, aprelin 23-də Kosovonun şimalındakı Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində keçirilən yerli seçkilərdə alban mənşəli şəxslərin mer seçilməsi bu bölgədə yaşayan kosovolu serblərin etirazına səbəb olub. Mayın 26-da bölgədə nümayişlər başlayıb, etirazçılar ilə Kosovo polisi və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri arasında qarşıdurmalar olub. Nəticədə KFOR bölgədəki şəxsi heyətinin sayını artırıb.
İyunun 13-də Kosovo polisi KFOR-a və Kosovo polisinə qarşı hücumların təşkilatçılarından biri olduğunu əsas gətirərək serb Milun Milenkoviçi saxlayıb. İyunun 14-də isə Serbiya polisi iki ölkənin sərhədində Kosovo polisinin üç əməkdaşını Serbiyada aksiya planlaşdırdıqları şübhəsi ilə həbs edib. Kosovo rəhbərliyi polis əməkdaşlarının saxlanılmasından sonra Serbiya mallarını daşıyan yük maşınlarının hərəkətinə qadağa tətbiq edib.