Pekin ABŞ Prezidenti Co Baydenin Çin sədri Si Sinpin haqqında dediklərini siyasi təxribat kimi qiymətləndirir.
Bu barədə CNN Çinin Vaşinqtondakı diplomatik missiyasına istinadən məlumat yayıb.
"Bayden keçmişdə ABŞ-ın Çin sisteminə hörmət etdiyini və onu dəyişdirməyə çalışmadığını açıq şəkildə ifadə etdi. Lakin Çinin siyasi sistemi və Ali liderlə bağlı son məsuliyyətsiz bəyanatlar Amerika dövlətinin səmimiliyinə dair suallar doğurmaya bilməz”, - deyə məlumatda bildirilib.
Diplomatik nümayəndəlikdən xəbərdarlıq edilib ki, Vaşinqton Ağ Ev sahibinin bəyanatlarını rədd etmək üçün addımlar atmasa, mövcud vəziyyətin nəticələrinə görə məsuliyyət ABŞ-ın üzərinə düşəcək.
Axar.az xatırladır ki, ABŞ Prezidenti Co Bayden Si Sinpinin hava şarının vurulması ilə bağlı tam informasiyaya malik olmadığını və buna görə çox üzgün olduğunu bildirib. Ardınca Ağ Ev rəhbəri bəyan edib ki, “diktatorlar üçün bu, böyük biabırçılıqdır”.