Qazaxıstan Prezidenti Kasım- Jomərt Tokayev Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əsas mövzu Rusiyadakı hadisələr, o cümlədən “Vaqner” Xüsusi Hərbi Şirkətinin qiyamı olub.
Tokayev iclasda Baş nazirin, Baş prokurorun, Milli Təhlükəsizlik Komitəsi sədrinin, müdafiə, daxili işlər və xarici işlər nazirlərinin Rusiyadakı vəziyyətlə əlaqədar verilən tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlər barədə məruzələrini dinləyib.
Qazaxıstan lideri qeyd edib ki, Rusiyada baş verənlərin bu ölkənin daxili işi olmasına baxmayaraq, Qazaxıstan xalqı dost ölkədəki vəziyyəti narahatlıqla qarşılayıb: “Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır”.
Tokayev onu da əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiya hakimiyyətinin konstitusiya quruluşunun bərpası və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərini dəstəkləyib.
Rusiyada hərbi qiyamın dayandırılmasına dair razılaşmanı alqışlayan Qazaxıstan lideri vurğulayıb ki, qanunun aliliyi prinsipi ictimai asayişin və sosial-iqtisadi inkişafın təmin edilməsinin əsası kimi istənilən dövlətin, o cümlədən Qazaxıstanın daxili siyasətində əsas prioritet olmalıdır.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Daha sonra V.Priqojinlə Belarus Prezidenti Aleksanr Lukaşenko arasında telefon danışığı olub və “Vaqner” rəhbəri geri çəkildiyini bildirib.