Xəbər verdiyimiz kimi, İsveçin paytaxtı Stokholmda Qurban bayramının ilk günü “Stokholm” məscidinin qarşısında İraq əsilli Salvan Momika polisin müşayiəti ilə Quranı ayaqlar altına ataraq, yandırmışdı.
“Key Molla” Teleqram kanalı bununla bağlı araşdırma aparıb.
Məlum olub ki, Salvan Momika İranın dəstəklədiyi “Haşdi-Şabi” terror qruplaşmasının üzvüdür. O, “Haşdi-Şabi”nin tərkibində Suriyada əməliyyatlarda iştirak edib.
Senzor.az xatırladır ki, Stokholmun mərkəzində İraqdan olan 37 yaşlı mühacir Salvan Momika polisin icazəsi ilə "Quran"ın vərəqlərini cırıb, onlarla ayaqqabılarını silib, daha sonra kitabı yandırıb. Stokholm məscidi yaxınlığında baş tutan aksiyanı media nümayəndələri də daxil olmaqla 200-dən çox insan izləyib.
Həmin şəxs, həmçinin İsveç himnini də oxuyub və ölkənin bayrağını dalğalandırıb.
Onu da xatırladaq ki, yanvarın sonunda Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında da "Quran" kitabı yandırılıb. Bundan sonra Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcəyini bəyan edib.