Fransanın Anje şəhərində ifrat sağçı qruplar iğtişaşçıları dağıtmağa başlayıb.
Şəhərin küçələrindən çəkilmiş video “Tvitter” istifadəçiləri tərəfindən yayılıb.
Görüntülərin müəllifləri qeyd edirlər ki, etirazçılar şəhər küçələrində qarətlərə başlayıblar. Videoda insanların tüstü bombalarından istifadə etdiyi və butulka atdıqları görünür.
“Tvitter” istifadəçilərindən birinin hesabında paylaşılan görüntüdə "birgə yaşamaq artıq mümkün deyil" qeydi yer alıb.
Fransanın hüquq-mühafizə orqanları iğtişaşlar zamanı 3,2 min nəfəri saxlayıb. Saxlanılanların orta yaşı 17-dir, onların 60%-nin əvvəllər ədalət mühakiməsi ilə bağlı heç bir problemi olmayıb.
İyulun 2-də Fransa Prezidenti Emmanuel Makron daxili işlər naziri Jerald Darmen və ədliyyə naziri Erik Düpon-Morettiyə iğtişaşların dayandırılması üçün bütün lazımi tədbirləri görməyi tapşırıb.
“Report” xatırladır ki, Fransada etirazlar, ardınca isə iğtişaşlar iyunun 27-də səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşlarının Parisin ətrafında - Nanterdə 17 yaşlı əlcəzairlini güllələyərək öldürməsindən sonra başlayıb. Polis gəncin hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina etdiyini bildirib. Atəş açan şəxslə bağlı araşdırmalara başlanılıb.