Moldova xüsusi xidmət orqanları Rusiya Federasiyası ilə əlaqəli kəşfiyyat şəbəkəsinin ifşası barədə məlumat yayıb.
Mk.ru xəbər verir ki, bunu Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin (İSS) direktoru Aleksandru Mustyaçe keçirdiyi brifinq zamanı bildirib. Direktor deyib ki, 2020-ci ildən Rusiya vətəndaşları Yuri G. və Vadim İ. moldovalıları casus fəaliyyətinə cəlb ediblər.
Moldova təhlükəsizlik rəsmiləri hesab edir ki, ruslar moldovalı deputatların planları, hakimiyyət haqqında təxribat xarakterli məlumatları toplayıb və sosial şəbəkələrdə kampaniyalar təşkil ediblər. Mustyaçe qeyd edib ki, bu vəzifələrin həyata keçirilməsi üçün Rusiyadan Moldovaya kriptovalyuta və digər sistemlər vasitəsilə 500 min dollar daxil olub.
Qeyd edək ki, iki ölkə arasında gərginlik Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra pisləşib. Moldova müharibədən sonra Avropa İttifaqına və NATO-ya üzv olmaq istiqamətində addımlarını artırıb. Rusiya isə Moldovadakı separatçı Dnestryanı bölgəyə dəstəyini artırmaqla bu ölkəyə qarşı təzyiqlərini gücləndirir.("Report")