Sudanda kütləvi məzarlıq aşkar olunub.
Bu barədə BMT-nin İnsan Haqları Ofisi məlumat yayıb.
Bildirilib ki, keçən ay Qərbi Darfurda Çevik Dəstək Qüvvələri (RSF) və onlarla müttəfiq qüvvələr tərəfindən öldürüldüyü iddia edilən ən azı 87 etnik Masalitin və digərlərinin cəsədləri Geneina şəhəri yaxınlığındakı kütləvi məzarlığa basdırılıb.
"Yerli əhaliyə öldürülənlərin şəhər qəbiristanlıqlarından birində layiqli dəfn etməyə icazə verilməyib, onlar cəsədləri kütləvi məzarlığa atmağa məcbur edilib. Ən azı 37 cəsəd iyunun 20-də mərkəzdən təxminən iki-dörd kilometr şimal-qərbdə, Rəngə bölgəsindəki Əl-Turab Əl Əhmər (Qırmızı Torpaq) adlı açıq ərazidə təxminən bir metr dərinlikdə olan kütləvi məzarlıqda basdırılıb. Daha 50 cəsəd iyunun 21-də eyni yerdə basdırılıb. Basdırılanlar arasında yeddi qadın və yeddi uşağın cəsədi də var. BMT İnsan Haqları Ofisi tərəfindən toplanan etibarlı məlumatlara görə, kütləvi məzarlıqda basdırılanlar RSF və onların müttəfiq milisləri tərəfindən 13-21 iyun tarixlərində Geneinanın Əl-Madaress və Əl-Camarek rayonlarında öldürülüb. Qərbi Darfur qubernatoru Xamis Abbaker iyunun 14-də RSF tərəfindən saxlanıldıqdan sonra öldürülüb. BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bu gün RSF-ni və münaqişənin digər tərəflərini öldürülənlərin operativ axtarışına, cəsədlərin toplanmasına və evakuasiyasına imkan verməyə və asanlaşdırmağa çağırıb", BMT Ofisinin yaydığı məlumatda qeyd olunub.(APA)