İyulun 14-də Polşanın Rusiyadakı səfiri Kşiştof Kraevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, səfirə Polşa Respublikasının Smolenskdəki Konsulluq Agentliyinin bağlanması barədə bildirişin olduğu nota təqdim edilib.
"Diplomata bildirilib ki, 2011-ci ildə Rusiya Polşa tərəfinin xahişlərini yerinə yetirməyə səmimi hazır olduğunu nümayiş etdirib və xoşməramlılıq əlaməti olaraq, Polşa tərəfi üçün əhəmiyyətli xatirə yerlərinin yerləşdiyi regionda yuxarıda adı çəkilən Konsulluq Agentliyinin açılmasını təmin edib. Eyni zamanda, Rusiya iki ölkənin konsulluq idarələrinin sayı baxımından paritetin Polşanın xeyrinə dəyişməsinə razılıq verib. Varşavanın bütün sivil sərhədləri aşmış ölkəmizə qarşı aqressiv xətti, o cümlədən Polşada akkreditə olunmuş Rusiya diplomatlarına qarşı təxribat xarakterli hiylələr, Rusiya diplomatik əmlaklarının ələ keçirilməsi və Rusiya səfirliyindən vəsaitlərin oğurlanması ilə bağlı aqressiv mövqe nümayiş etdirməsi bizi bir sıra cavab tədbirləri həyata keçirməyə məcbur edib . Polşa hakimiyyətinin Rusiya Federasiyasına qarşı yönəlmiş heç bir düşmən addımı cavabsız qalmayacaq", deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.