Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Polşa səfirinin əvəzedicisi Mariuş Pietr Jak və nazir İliya Darçiaşvilinin görüşü ilə bağlı məlumat yayıb.
APA xəbər verir ki, nazir Darçiaşvili XİN-ə çağırılmış diplomatın diqqətinə çatdırıb ki, polşalı həkimin prosedurları pozaraq Mixeil Saakaşvilidən götürdüyü bioloji nümunəni klinikadan kənara çıxarmağa çalışması Gürcüstan tərəfində narahatlıq yaradıb.
Görüş zamanı Polşadan olan tibbi missiyanın üzvlərindən birinin yol verdiyi bu davranışın anlaşmazlığa, narahatlığa səbəb olduğu və bütün prosesə etimadın itirilməsi ilə nəticələnə biləcəyi qeyd edilib.
Məlumatda bildirilib ki, görüş zamanı Polşa səfirliyinin rəsmisindən insidentlə bağlı mövqeyini bildirməsi istənilib. Diplomat insidentlə hansı davranışın səbəb olması ilə bağlı məlumatsız olduğunu ifadə edib.