İyulun 18-nə keçən gecə Rusiya Ukraynanın cənubunu atəşə tutub, infrastruktur obyektlərinə və şəxsi təsərrüfatlara ziyan dəyib, bir nəfər yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə "Cənub" Əməliyyat Komandanlığı məlumat yayıb.
Bildirilir ki, hava hücumundan müdafiə qüvvələrini müəyyən etmək və tükəndirmək üçün Rusiya bir neçə dron dalğası göndərib. Bundan sonra Odessaya Qara dənizdən 6 “Kalibr” raketi atılıb.
“Bütün raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - deyə məlumatda bildirilir.
Odessada vurulan raketlərin parçaları liman infrastruktur obyektlərinə, bir neçə fərdi evə ziyan vurub. Yaşlı kişi öz evində xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Nikolaevdə sənaye obyektinə endirilən zərbə nəticəsində yanğın olub.
Gecə Rusiyanın ümumilikdə 25 (Odessa vilayətində 21, Nikolayev vilayətinin səmasında isə 4) "Şahed-136"sı məhv edilib.