Cənubi Avropa tarixinin ən isti həftəsini yaşayır, anomal istilər Şimali Asiya və Şimali Amerikada da müşahidə olunur.
Qərb mediası xəbər verir ki, iyulun 18-də səhər İspaniyada termometrlər 30 dərəcədən yuxarı qalxıb, günorta saatlarında isə 40 dərəcəni keçib. İstilik dalğası günlərdir davam edir. Ölkənin bir sıra bölgələri ekstremal temperaturlar səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.
Anomal hava şəraitinin qismən El Nino iqlim fenomenindən qaynaqlandığı deyilir, mütəxəssislər hesab edirlər ki, əsas səbəb qlobal iqlim dəyişikliyi ilə əlaqəlidir.
İtaliya da öz növbəsində Xaron antisiklonuna görə meteoroloji müşahidələr tarixində ən isti həftəni yaşayır. Apennin yarımadasının onlarla şəhərində, o cümlədən paytaxt Romada isti təhlükəsinin qırmızı səviyyəsi elan edilib. Ümumdünya Meteorologiya Təşkilatı Avropa üçün 2021-ci ildə Siciliyada qeydə alınan 48,8 dərəcənin üstündə yeni temperatur rekordu proqnozlaşdırır.
İsti hava təkcə Cənubi Avropa ilə məhdudlaşmır. Şimali Amerika və Şimali Asiyada da qeyri-adi yüksək temperatur qeydə alınmaqdadır.