Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşüb və onu "Çinin köhnə dostu" adlandırıb.
Çin KİV-i xəbər verir ki, Kissincerin bu həftə Çinə səfəri onun insan hüquqlarından tutmuş ticarət və milli təhlükəsizliyə qədər bir sıra məsələlərdə fikir ayrılığı olan Vaşinqton və Pekin arasında yaxınlaşmaya çağırış etməsi ilə əlaqədardır.
Məlumdur ki, 100 yaşlı diplomat 1970-ci illərdə Vaşinqtonun kommunist Pekinlə əlaqələrinin qurulmasında aparıcı rol oynayıb və bu illər ərzində Çin liderləri ilə sıx əlaqə saxlayıb.
Çinin dövlət mediasının verdiyi məlumata görə, Si Cinpin görüşdə deyib: “Çin xalqı dostluğu yüksək qiymətləndirir və biz köhnə dostumuzun Çin-ABŞ münasibətlərinin inkişafına, iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi tarixi töhfəni heç vaxt unutmayacağıq. Bu, təkcə iki ölkəyə fayda vermədi, həm də dünyanı dəyişdirdi. Hazırda dünya bir əsrdə görünməmiş transformasiyanı yaşayır və beynəlxalq nizam çox böyük dəyişikliklərə məruz qalır”.
Si Cinpin vurğulayıb ki, Çin və ABŞ yenidən yol ayrıcındadır və hər iki tərəf bir daha vacib seçim etməlidir.
Kissincer bildirib ki, Si Cinpin ilə görüşün Pekindəki Dövlət qonaq evinin binasında - 1971-ci ildə ÇXR İnzibati Şurasının sədri olan Çjou Enlay ilə görüşdüyü məkanda keçirilməsi əlamətdardır. O deyib: “Ölkələrimiz arasındakı əlaqələr dünyada sülhün və cəmiyyətlərimizin tərəqqisinin əsasını təşkil edəcək”.