Çin paytaxtının hakimiyyət orqanları şəhərin müəyyən ərazilərində təbii fəlakət riski ilə əlaqədar yüksək (“qırmızı”) təhlükə səviyyəsi elan edib.
TASS bildirir ki, bu xəbərdarlıq avqustun 6-sı günortaya qədər etibarlıdır.
O, ilk növbədə Pekinin ən çox yağış yağan Fanşan və Mentouqou ərazilərinə, həmçinin qismən Çanpin ərazisinə aiddir.
Sürüşmə riski və torpaqda çökmələrin əmələ gəlməsi qeyd olunur.
Bundan əlavə, xəbərdarlıq Haydan, Yantsin və Şitszunçan, Huayjou və Miün, eləcə də Fentay ərazilərinə də aiddir. Burada müəyyən yerlər potensial təhlükəlidir.
Qeyd edək ki, iyulun 29-dan avqustun 1-dək Pekinə son 140 ildə analoqu olmayan güclü leysan yağıb. Bəzi meteoroloji müşahidə yerlərində rekord miqdarda (740 mm-dən çox) yağıntı düşüb. Daşqınlar şəhərin qərb və şimal hissələrinə böyük ziyan vurub. 11 nəfər ölüb, səlahiyyətlilər isə 127 min sakini təxliyə ediblər.