Yaponiya sakinləri 78 il əvvəl ABŞ tərəfindən Xirosimaya atılan atom bombası nəticəsində həlak olanların xatirəsi yad edirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, faciənin ildönümü ilə bağlı əsas anım mərasimi Xirosimanın mərkəzindəki Sülh Memorial Parkında keçirilir.
Yerli vaxtla saat 08:15-də - 1945-ci il avqustun 6-da partlayış baş verən zaman bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilib.
Ənənəyə görə, sükut dəqiqəsi zəngin vurulması ilə başlayır.
Sonra Xirosima meri Kazumi Matsui sülh bəyannaməsini oxuyacaq.
Həmçinin Baş nazir Fumio Kişidanın çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, Xirosimaya atılan atom bombası nəticəsində bir gündə 70 mindən 100 minədək insan həlak olub. 1945-ci ilin sonlarında bu qurbanların sayı 140 mini ötüb.
Hər il atom hücumundan xəsarət alan “hibakuşya”lar vəfat etdikcə həmin siyahı yenilənir. Bundan əlavə siyahıya ölümü indiyədək təsdiqlənməyən, lakin atom bombardmanı zamanı həyatını itirən insanların da adı əlavə edilir. Bildirilir ki, ötən il “Xatirə kitabı”na daha bir neçə nəfərin adı daxil edilib və hazırda Xirosimada atom bombardmanından həlak olanların sayı 350 mini ötüb.