Almaniya Ukraynaya kömək üçün hər il 5 milyard avro ayırmaq niyyətindədir.
"Ukrinform" xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner deyib.
Onun sözlərinə görə, bu, silah tədarükünə də aiddir. O, Kiyevə səfəri zamanı bildirib ki, Almaniya artıq Ukraynaya yardımın illik maliyyələşdirilməsi proqramı hazırlayıb. Amma onun qüvvəyə minməsi üçün belə bir təşəbbüsün Almaniya parlamenti tərəfindən təsdiqlənməsi lazımdır.
Lindner əmin edib ki, Almaniya Ukraynanı lazım olduğu qədər dəstəkləməyə davam edəcək. Onun sözlərinə görə, Almaniya artıq Ukraynaya 22 milyard avro maliyyə dəstəyi, o cümlədən, 12 milyard avro hərbi yardım ayırıb.
Almaniya rəsmisi, həmçinin, ukraynalı həmkarı Sergey Marçenko ilə ölkələr arasında əməkdaşlığı gücləndirmək niyyəti haqqında bəyannamə imzalayıb.
Bu, Almaniyanın Ukraynaya gömrük siyasəti, maliyyə bazarının monitorinqi, dövlət investisiyalarının idarə edilməsi və dövlət müəssisələrinin özəlləşdirilməsi sahələrində məsləhətçi yardım göstərməsini nəzərdə tutur.(Report.az)