Ukrayna Prezidenti Volodimir Zelenski və birinci xanım Yelena Zelenskaya İsveç Krallığında işgüzar səfərdədirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Zelernski “Facebook” sosial şəbəkəsində məlumat verib.
Ukrayna liderinin səfər çərçivəsində Baş nazir Ulf Kristersson, İsveç Kralı XVI Karl, kraliça Silviya, spiker Andreas Noprlen və parlament partiyalarının sədrləri ilə görüşləri nəzərdə tutulur.
“Geniş Ukrayna-İsveç danışıqları. Azadlıq və müstəqillik uğrunda mübarizəmizi dəstəklədiyinə görə İsveçə şəxsən təşəkkür edirəm”, - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, İsveç Ukraynanın təhlükəsizliyinə təminat haqqında Bəyannaməyə qoşulan ölkələr sırasındadır.
Bəyannamə bu il iyulun 12-də G7 ölkələri (Yaponiya, Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa və İtaliya) tərəfindən qəbul olunub. Ukraynaya dəstək vermək istəyən istənilən ölkə Bəyannaməyə qoşula bilər.
Daha sonra Ukrayna Prezidenti İsveçin Baş naziri Ulf Kristerssonla danışıqlara başladığını bəyan edib.
Söhbət müdafiə sahəsində əməkdaşlıqdan, o cümlədən İsveçin güclü piyada döyüş maşınları CV-90-dan gedir.
"Əsgərlərimiz artıq onlardan ön cəbhədə səmərəli istifadə edirlər. Biz həmçinin CV-90-ları Ukraynada istehsal etməyi planlaşdırırıq", - deyə Prezident vurğulayıb.