“Mən dəqiq nə baş verdiyini bilmirəm, ancaq təəccüblənmədim”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden “Vaqner”in rəhbəri Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmasına münasibət bildirərkən deyib.
“Təyyarə qəzasının arxasında Rusiya rəhbərliyinin olduğuna inanırsınızmı” sualına Bayden belə cavab verib: “Rusiyada Putinin arxasında olmadığı çox az hadisə baş verir. Amma dəqiq bilmirəm”, - Bayden vurğulayıb.
Xatırladaq ki, 23 avqust axşam saatlarında “Vaqner” rəhbəri Yevgeni Priqojinin olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvünün hamısının öldüyü bildirilir.
Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu ehtimal olunur.