İsrail Baş naziri Benyamin Netanyahu nazirləri keçirdikləri gizli görüşləri onunla koordinasiya etmək barədə təlimatlandırıb.
"i24news.tv" telekanalı xəbər verir ki, yeni təlimatlara əsasən, gələcəkdə keçiriləcək hər hansı gizli görüşün ictimailəşdirilməsi də Baş nazir Netanyahunun şəxsi təsdiqini tələb edəcək.
İsrail və Liviya xarici işlər nazirləri arasında keçirilən gizli görüşün dərci ilə bağlı yaranan qalmaqaldan sonra Baş nazir Benyamin Netanyahu bütün hökumət nazirlərinə gizli siyasi görüşləri onun ofisi ilə əvvəlcədən əlaqələndirməyi və məlumatlandırmağı tapşırıb.
Xatırladaq ki, İsrail və Liviya xarici işlər nazirləri arasında İtaliyada baş tutan gizli görüşün açıqlanmasından sonra Liviyanın Milli Birlik Hökumətinin (GNU) baş naziri Abdel Hamid Dbeiba, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nəcla Manquşu vəzifəsindən azad edib. Nəcla Manquş isə ölkəni tərk edərək özəl təyyarə ilə İstanbula uçub. İsrail müxalifəti də xarici işlər naziri Eli Koheni gizli görüşə görə ciddi tənqid edib.(APA)