Rusiya silahlı qüvvələri sentyabrın 6-da səhər tezdən Kiyevə raket zərbələri endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səhər saatlarından başlayaraq Kiyevdə hava həyəcanı siqnalı çalınıb, bundan sonra partlayış səsləri eşidilməyə başlayıb.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiyanın atdığı raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
"Düşmənin dinc şəhərə növbəti raket hücumu həyata keçirilib. Yenə də hücum sadə deyil, birləşmiş xarakter daşıyır. Əvvəlcə Rusiya Federasiyasının Saratov vilayətindən Tu-95MS strateji aviasiya təyyarələrindən X-101/555/55 tipli qanadlı raketlər atılıb. Sonra Kiyevə fərqli tipli, ehtimal ki, ballistik raketlər buraxılıb”, - məlumatda bildirilir.
İlkin məlumatlara görə, Kiyevdə tələfat və dağıntı yoxdur.
Odessa vilayətinə isə gecə saatlarında İran istehsalı olan “Şahed” tipli kamikadze dronları ilə hücum edilib. Odessa vilayəti Hərbi Administrasiyasının yaydığı məlumatda deyilir: “Təxminən üç saat ərzində Rusiya ordusu Odessa vilayətinin İzmail rayonuna pilotsuz təyyarələrlə hücum edib. Təəssüf ki, bir nəfər həlak olub. Ağır yaralanan kənd təsərrüfatı müəssisəsinin əməkdaşı xəstəxanada ölüb”.
Rayonun bir neçə yaşayış məntəqəsində dağıntılar və yanğınlar qeydə alınıb. Liman və kənd təsərrüfatı infrastrukturu obyektlərinə də ziyan dəyib.