Mərakeşdə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2 min 212-yə çatıb.
Senzor.az bildirir ki, ölkənin Daxili İşlər Nazirliyinin zəlzələ ilə bağlı yenilənmiş məlumatında belə deyilir.
Qeyd olunur ki, hadisə zamanı yaralananların sayı isə 2 min 421 nəfərdir.
Xatırladaq ki, Mərakeş mediası ötən gün yerli vaxtla saat 23.10-da baş verən 7 bal gücündə zəlzələnin paytaxt Rabatla yanaşı, Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss edildiyini bildirib.
**09:28
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2012-yə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət zamanı 2 059 nəfər yaralanıb. Qeyd olunub ki, yaralılardan 1 404-nün vəziyyəti ağırdır.
Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.
**23:25(09.09.2023)
Mərakeşdə güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 305 nəfərə çatıb.
"Al Arabiya" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət zamanı azı 1832 nəfər də yaralanıb.
**19:45
Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 037-yə çatıb.
Yerli KİV xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, zəlzələ nəticəsində 1 204 nəfər yaralanıb.
**16:46
Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb.
Bu barədə “France24“ Mərakeşin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Azı 672 nəfər yaralı olduğu bildirilib.
**12:05
Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb.
Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Mənbənin sözlərinə görə, 329 nəfər yaralanıb.
Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.
**09:42
Cümə günü Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Krallığın Daxili İşlər Nazirliyi bildirib ki, ilkin məlumata görə, zəlzələdə 296 nəfər ölüb, 150 nəfərdən çox xəsarət alan var.
Zəlzələdən zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.
Mərakeşin turizm mərkəzi və mədəniyyət paytaxtı Mərakeş şəhərində, eləcə də ölkənin ən böyük üzgüçülük kurortu olan Aqadirdə yaşayış binalarının və müxtəlif tikililərin uçduğu qeydə alınıb.
Yeraltı təkanlar Krallığın bir sıra iri şəhərlərində, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Hazırda ərazidə xilasetmə qüvvələri işləyirlər.
Rəsmilər vətəndaşları sakit olmağa, panikaya düşməməyə çağırırlar.