Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu vurğulayıb.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
O, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin yalnız diplomatik yollarla və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.
O.Şolts isə öz növbəsində qeyd edib ki, o, regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazırdır.
Qeyd edək ki, Paşinyan bu gün buna qədər artıq Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu bildirmişdi.
**13:45
Ermənistan baş naziri Nikol Paşinyan və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə ediblər.
Kansler Şolts regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, sentyabrın 9-da Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı baş tutub.
**11:32
Fransa Prezidenti Emmanuel Makron Ermənistan baş naziri Nikol Paşinyana zəng edib.
Bu barədə AFP Yelisey sarayına istinadən məlumat yayıb.
Qeyd edilib ki, Makron Paşinyanla Ermənistan və Azərbaycan sərhədində artan gərginliyi müzakirə edib, bütün fikir ayrılıqlarını diplomatik yolla həll etməyə çağırıb.
Makron məsələnin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə sadiqliyini qeyd edib.