Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen İn-a Vladivostokdakı Kneviçi aerodromunda Rusiya hərbi aviasiyasının nümunələrini göstərib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“KXDR liderinə Kneviçi aerodromunda Tu-160 səsdən sürətli strateji raketdaşıyan bombardmançı, Tu-95MS turbovintli strateji raketdaşıyan bombardmançı və Tu-22M3 uzaq mənzilli səsdən sürətli bombarmançı təqdim edilib", - məlumatda deyilir.
Nazirlik qeyd edib ki, bu təyyarələr Rusiya Federasiyasının strateji nüvə qüvvələrinin hava komponentini təşkil edir.
Rusiya Aerokosmik Qüvvələrinin Uzaqmənzilli Aviasiyasının komandanı, general-leytenant Sergey Kobılaş KXDR liderinə təqdim olunan strateji raketdaşıyıcıların xüsusiyyətləri, onların silahları barədə məlumat verib.
Sergey Şoyqu həmçinin Şimali Koreya liderinə Rusiyanın MiQ-31İ raketdaşıyıcısını ən son silahlarla - hipersəs sürətə malik"Kinjal" raket kompleksi ilə birlikdə təqdim edib.
Xatırladaq ki, Kim Çen In sentyabrın 12-dən Rusiyada rəsmi səfərdədir.