ABŞ Konqresinin Nümayəndələr Palatası hökumətin fəaliyyətinin dayandırılmasının qarşısını almaq məqsədi daşıyan müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib.
Senzor.az bildirir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Qeyd olunub ki, Nümayəndələr Palatasında sənədi 209 demokrat və 126 respublikaçı dəstəkləyib. 91 konqresmen bunun əleyhinə səs verib. Beləliklə, sənəd səslərin üçdə ikisindən çoxunu toplayıb.
İndi büdcə imzalanmaq üçün Prezidentə göndərilməzdən əvvəl Senatda səsvermə keçirilməlidir.
Xatırladaq ki, dövlət tərəfindən maliyyələşdirilən layihə 45 gün üçün nəzərdə tutulub. Bu, Respublikaçılar Palatasının spikeri Kevin Makkarti tərəfindən təklif edilib və Ukraynaya yardımı əhatə etmir.
Co Bayden administrasiyasının rəsmisi bildirib ki, Ağ Ev gələcəkdə Ukraynaya dəstəyi bərpa etmək ümidi ilə Makkartinin təklif etdiyi layihəni yəqin ki, dəstəkləyəcək.
**20:26(30.09.2023)
Ağ Evin Mətbuat Xidməti ABŞ federal hökumətinin öz fəaliyyətini dayandırması ehtimalından bir gün əvvəl “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) bu anın yaxınlaşması barədə hər saat məlumat verməyə başlayıb.
TASS bildirir ki, ABŞ administrasiyası baş verə biləcək hala görə Nümayəndələr Palatasına nəzarət edən respublikaçıları günahlandırır. Sonuncular isə yalnız dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılması halında hökumətin maliyyələşdirilməsinin uzadılmasını təsdiqləməyə razılaşırlar.
Qeyd edək ki, ABŞ-da cari maliyyə ili Bakı vaxtilə bazar günü 08:00-da bitəcək. Hökumətin bağlanmasının qarşısını almaq üçün Konqres həmin vaxtadək prezident Co Baydenin imzalayacağı maliyyələşməni uzatma təşəbbüsünü qəbul etməlidir.
Hökumətin öz işini dayandırması maaşların ödənilməməsinə, məcburi ödənişsiz məzuniyyətlərə və yüz minlərlə dövlət qulluqçusunun işdən çıxarılmasına, eləcə də bir çox dövlət proqramlarının dayandırılmasına səbəb ola bilər. Hazırda heç bir qanunvericilik palatası hökumətin maliyyələşdirmə müddətinin uzadılmasını təsdiq etməyib.