ABŞ Fələstinin HƏMAS radikal təşkilatı yaraqlılarının İsrailə hücumu ilə əlaqədar "Gerald R. Ford" təyyarədaşıyan gəmisini Aralıq dənizinin şərqinə göndərir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostinin yazılı bəyanatında belə deyilir.
“HƏMAS-ın İsrailə hücumuna cavab olaraq bu gün Prezident Cozef Baydenlə ətraflı söhbətdən sonra regional çəkindirmə səylərini gücləndirmək və ABŞ Müdafiə Nazirliyinin bölgədəki mövcudluğunu artırmaq üçün bir sıra addımlar atdım. “Gerald R. Ford”un qırıcı daşıyan zərbə qrupunu Şərqi Aralıq dənizinə köçürməyi əmr etdim", - Pentaqon rəhbəri qeyd edib.
Onun sözlərinə görə, “Gerald R. Ford”dan başqa, daşıyıcı zərbə qrupuna idarə olunan raket kreyseri və dörd idarə olunan raket esminesi daxildir.
"Biz həmçinin regionda ABŞ Hərbi Hava Qüvvələrinin F-35, F-15, F-16 və A-10 qırıcı eskadrilyalarını gücləndirmək üçün addımlar atmışıq. ABŞ lazım gəlsə, bu çəkindirici duruşunu daha da gücləndirmək üçün bütün dünyada döyüş hazırlığını saxlayır" - nazir qeyd edib.
O, əlavə edib ki, ABŞ İsraili dəstəkləməyə davam edəcək.