ABŞ Prezidenti Co Baydenin iştirakı ilə oktyabrın 18-də Ammanda baş tutmalı olan Qəzza zolağındakı vəziyyətlə bağlı dördtərəfli sammit bütün tərəflərin maraqları naminə ləğv edilib.
Bu barədə İordaniyanın xarici işlər naziri Ayman Hüseyn Abdulla əl-Səfədi “Al Jazeera” telekanalına bildirib.
Görüşdə Ağ Ev rəhbəri Co Bayden, İordaniya kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin rəhbəri Mahmud Abbas iştirak etməli idi.
İordaniya xarici işlər nazirinin sözlərinə görə, qərar Fələstin, Misir və ABŞ ilə məsləhətləşmələrdən sonra qəbul edilib.
Ağ Ev Baydenin İordaniyada dayanmayacağını təsdiqləyib. Prezident administrasiyasının rəsmisinin sözlərinə görə, İordaniya Kralı II Abdullah ilə məsləhətləşmədən sonra və Fələstin Prezidenti Mahmud Abbasın elan etdiyi matəm günləri ilə bağlı Bayden İordaniyaya səfərini, həmçinin Misir və Fələstin Milli Administrasiyasının rəhbərləri ilə planlaşdırılan görüşü təxirə salıb.
Qeyd edək ki, oktyabrın 17-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi girovların azad edilməsi məsələsinin Prezident Baydenin Yaxın Şərqə səfəri zamanı əsas mövzularından biri olacağını bildirib. Həmin gün HƏMAS-ın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk atəşkəs olacağı təqdirdə hərəkatın mülki girovları dərhal azad etməyə hazır olduğunu bəyan edib. Həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişel Aİ-nin girovların azad edilməsi məsələsində vasitəçi kimi çıxış etməyə hazır olduğunu açıqlayıb.
Oktyabrın 16-da HƏMAS girovlarının sayının 200-dən 250 nəfərə qədər ola biləcəyi məlum olub. Silahlı qanaddakı mənbə bildirib ki, HƏMAS yerdəki şərait imkan verərsə, əcnəbi məhbusları azad etmək niyyətindədir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS hərəkatının İsraili Qəzza zolağından kütləvi raket atəşinə tutması və həmçinin ölkənin cənubundakı sərhəd bölgələrini işğal etməsi ilə regiondakı vəziyyət gərginləşib. Elə həmin gün İsrail Qəzza zolağındakı hədəflərə cavab verməyə başlayıb.