Pakistanın keçmiş baş naziri Navaz Şərif 4 illik siyasi sürgündən sonra ölkəsinə geri dönür.
Bu barədə "Geo TV" telekanalı məlumat yayıb.
Bildirilib ki, siyasətçi bir müddət paytaxt İslamabadda qaldıqdan sonra Lahora yollanacaq və burada "Minar-e-Pakistan" qülləsi yaxınlığında təsisçisi və lideri olduğu "Pakistan müsəlman liqası" partiyasının tərəfdarlarına müraciətlə çıxış edəcək.
Qeyd edək ki, Pakistan məhkəməsi hökumətin hədiyyə anbarı vasitəsilə qanunsuz yolla bahalı avtomobillər əldə etməkdə ittiham olunan Navaz Şərifə qarşı müddətsiz həbs qərarını oktyabrın 24-dək dayandırıb. Navaz Şərifə məhkəmə işi üzrə iclasda könüllü iştirak etmək imkanı verilib. Keçmiş baş nazir müəyyən olunmuş müddətdə məhkəmədə iştirak etməsə, order yenilənəcək.