İsveçin Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim etdiyinə görə minnətdarlığını bildirib.
Bu barədə İsveç Baş nazirinin “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) səhifəsində məlumat verilib.
“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalayıb Türkiyə Böyük Millət Məclisinə təqdim etməsi faktını alqışlayırıq. Parlament prosedurları artıq başlayacaq. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün R.T.Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim edib. Prosedura əsasən, sənəd ilkin olaraq Beynəlxalq Əlaqələr Komissiyasında nəzərdən keçiriləcək və təsdiqləndiyi təqdirdə bütövlükdə parlamentin səsverməsinə çıxarılacaq.
İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək Alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, sənədi yalnız Türkiyə və Macarıstan təsdiq etməyiblər.