Dağıstanda kütləvi iğtişaşlar xaricdən planlaşdırılmış və həyata keçirilmiş təxribatdır.
APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 29-da Mahaçqala aeroportunda baş vermiş iğtişaşlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Dağıstan Respublikasında baş vermiş kütləvi iğtişaşlar Rusiya Federasiyası xalqının ahəngdar inkişafına və etno-konfessional birliyinə xələl gətirməyə yönəlmiş kənardan planlaşdırılmış və həyata keçirilmiş təxribatın nəticəsidir.
Rusiya XİN sözçüsü baş verənlərdə Ukrayna hakimiyyətini günahlandırıb.
“Ukrayna xüsusi xidmət orqanlarının Rusiya istiqamətində təxribatçı fəaliyyətinin intensivləşməsi tamamilə başa düşüləndir. Kiyev rejimi hazırda dünya ictimaiyyətinin Ukrayna ətrafındakı böhrana diqqətinin azalması fonunda Rusiyada sabitliyi pozmaqda və onu beynəlxalq aləmdə nüfuzdan salmaqda ən çox maraqlıdır. Rusiya rəhbərliyinin operativ və birmənalı reaksiyası və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş, aydın və mütənasib hərəkətləri Rusiyada çaşqınlıq və nifaq salmağa ümid edənlərin hamısına birmənalı cavabdır”, deyə Zaxarova vurğulayıb.