Hamburq polisi avtomobillə hava limanına daxil olan və qızını girov götürən şəxsi saxlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, həmin şəxslə 15 saata yaxın danışıqlar aparılıb və o, müqavimət göstərmədən təslim olub. Ata qızı ilə birgə avtomobildən düşüb. Uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
**12:54
Almaniyanın Hamburq şəhər aeroportunda silahlı təxribat törədən şəxs dörd yaşlı qızını girov götürüb.
Senzor.az xatırladır ki, avtomobili ilə maneələri qıraraq aeroportun platformasına daxil olan silahlı şəxs havaya atəş açıb və “Molotov kokteyli” ilə yanğın törətməyə cəhd edib. Təhlükəsizlik qüvvələri onun bu cəhdinin qarşısını alıblar.
Silahlı şəxsin təyyarələrdən birinin altında saxladığı avtomobili əhatəyə alan polis əməkdaşları onunla danışıq aparmağa çalışırlar. Dörd yaşlı qızını da avtomobildə girov saxlayan həmin şəxs Türkiyəyə getmək istədiyini bildirib.
Hadisə ilə əlaqədar aeroportda ciddi təhlükəsizlik tədbirləri görülüb, bir sıra aviareyslər təxirə salınıb, bir neçəsinin istiqaməti dəyişdirilib.
Həmin şəxsin Hamburq aeroportuna gəlməsindən əvvəl onun arvadının polisə zəng edərək, həyat yoldaşının övladı ilə birlikdə hava limanına getməsi barədə xəbər verdiyi məlum olub.
**09:28
Gecə Almaniyanın Hamburq hava limanı naməlum silahlı şəxsin hücumuna görə bağlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, avtomobillə təhlükəsizlik səddini aşaraq platformaya çıxıb.
Həmin şəxs avtomobildən iki “Molotov kokteyli” atıb və yanğınsöndürənlər yaxınlıqda alışan təyyarəni söndürməli olublar.
Yerli mətbuat avtomobildə 4 yaşlı uşağın girov kimi saxlanıldığını yazır. Fövqəladə vəziyyətin mümkün səbəblərindən biri kimi qəyyumluqla bağlı mübahisə göstərilir.