Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasına veto qoyacaq.
APA xəbər verir ki, bunu Macarıstan Baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balaş Orban Niderlandın “Nederlandse Omroep Stichting” (NOS) media şirkətinə müsahibəsində bildirib.
Müşavirin sözlərinə görə, Macarıstan hökuməti Ukraynanın Aİ-yə daxil olması üçün danışıqların başlanmasını əngəlləyəcək. Hökumət bunun səbəbini Ukraynada yaşayan macar azlığının hüquqlarının pozulması ilə izah edib. Onların dil və təhsillə bağlı tələbləri yerinə yetirilənə qədər danışıqların dayandırılacağını bildirib.
Qeyd edək ki, sabah Avropa Komissiyası Ukrayna, Moldova və Aİ-yə üzv olmaq istəyən altı Balkan ölkəsindəki islahatlara dair müsbət hesabat təqdim edəcək. Əsas diqqət Ukraynaya yönəlib və Avropa Komissiyası bu ölkənin Aİ-yə üzvlük danışıqlarına başlamağa hazır olduğuna inanır.
Macarıstanın Baş naziri Viktor Orban, Aİ-nin cari ilin dekabr ayında keçiriləcək növbəti sammitində Ukraynanın İttifaqa daxil olması üçün, ölkə hökumətin veto hüququndan istifadə edəcəyini bildirib.
Baş nazir də buna səbəb kimi Ukraynada macar milli azlığının hüquqlarının pozulmasını göstərib.