HƏMAS-ı məğlub etdikdən sonra İsrail Qəzza zolağını fəth etmək, işğal etmək və ya idarə etmək niyyətində deyil, lakin lazım gələrsə, yaraqlılardan gələn təhlükənin qarşısını almaq üçün “etibarlı qüvvələr” anklava daxil olmalıdır.
Yerli KİV xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində belə bəyanat səsləndirib.
“Biz Qəzzanı fəth etməyə, Qəzzanı işğal etməyə, Qəzzanı idarə etməyə can atmırıq. Düşünürəm ki, Qəzzanın gələcəyinin necə olacağı aydındır: bu döyüşün sonunda HƏMAS olmayacaq, biz HƏMAS-ı məhv edəcəyik, təkcə özümüz üçün yox, hamı üçün, sivilizasiya naminə, fələstinlilərin və israillilərin xatirinə. Biz Qəzzanın demilitarizasiyasını, radikallaşdırılmasını və yenidən qurulmasını görməliyik və bütün bunlara nail olmaq mümkündür” , - Netanyahu deyib.
Qeyd edək ki, Netanyahunun daha əvvəl İsrailin qeyri-müəyyən müddətə Qəzzanın təhlükəsizliyinə cavabdeh olacağına dair açıqlaması Təl-Əvivin əsas müttəfiqi olan Vaşinqtonda narazılıqla qarşılanıb. Qəzzanın müharibədən sonrakı işğalına qarşı çıxan ABŞ anklavın fələstinlilər tərəfindən idarə edilməli olduğunu bildirib.
Netanyahu ““Fox News” telekanalına müsahibəsində, həmçinin Qəzzada hökumətin qurulmalı olduğunu, lakin 7 oktyabrdakı kimi hücumun bir daha təkrarlanmaması üçün İsrailin əlindən gələni edəcəyini söyləyib.
- Ona görə də bizim etibarlı qüvvələrimiz olmalıdır ki, lazım gələrsə, Qəzzaya girib qatilləri zərərsizləşdirəcək. Çünki HƏMAS kimi bir strukturun dirçəlməsinin qarşısını məhz bu ala bilər” , - İstrailin Baş naziri vurğulayıb.(AzVision.az)