Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüşdə tərəflər Yaxın Şərq, Ukraynadakı vəziyyəti və NATO çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Ştaynmayer Türkiyə Prezidentinin Ukrayna taxılının ixracı ilə bağlı vasitəçilik səylərini yüksək qiymətləndirib. Ştaynmayer, həmçinin vurğulayıb ki, Berlin HƏMAS-ın İsrailə hücumunu terror hücumu kimi qiymətləndirir.
Liderlər bütün səylərin HƏMAS-ın əlində olan girovların azad edilməsinə yönəldilməli olduğu fikri ilə razılaşıblar.
Qeyd edək ki, Ərdoğan daha sonra Almaniya kansleri Olaf Şoltsla görüşəcək.
**19:24
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Frank-Valter Ştaynmayerlə görüşü başlayıb.
Senzor.az xəbər verir ki, təkbətək görüşdən əvvəl nümayəndə heyətləri bir araya gəlib.
Müzakirə mövzuları arasında Fələstin-İsrail münaqişəsi də var.
**18:09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada bir günlük işgüzar səfərdədir.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Onun təyyarəsinin artıq Berlinə çatdığı qeyd edilib.
**09:56
Noyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək.
Senzor.az bildirir ki, Prezident Ərdoğan paytaxt Berlində Almaniya Kansleri Olaf Şolts ilə görüşəcək.
Görüş zamanı başda iqtisadiyyat olmaqla iki ölkə arasındakı əlaqələr, eləcə də İsrail-Fələstin qarşıdurmasının müzakirə olunacağı gözlənilir.
Prezident Ərdoğanın Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü də nəzərdə tutulub.
Qeyd edək ki, Almaniya Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında əsas məqsəd ilin sonuna hədəflənən 50 milyard dollar məbləğində ticarət həcmini ən qısa zamanda aşmaqdır.