Yunanıstan Türkiyə ilə münasibətləri intensivləşdirməyə və onun Avropa İtrtifaqına (Aİ) daxil olmaq səylərini dəstəkləməyə qərar verib.
Bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.
“Biz Türkiyəni Aİ-yə daxil olması prosesində dəstəkləyəcəyik. Biz artıq mehriban qonşuluğa dair bəyannamə imzalamışıq”, - o deyib.
Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının Egey dənizindəki 10 adaya 7 günlük vizasız gediş-gəlişi bərpa olunacaq: “İnanıram ki, gərgin münasibətlər sona çatıb. İki qonşu ölkə birlikdə hərəkət etməlidir. Biz gözəl gələcək yaratmalıyıq”.
**17:15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Afina Bəyannaməsini imzalayıb.
Məlumatı “TRTHaber” yayıb.
Sənəddə iki ölkə arasında əməkdaşlıq üçün yenilənmiş iradənin tanındığı qeyd edilib.
Bəyannamədə iki qonşu ölkənin əlaqələrinin regionun rifahını və dinamizmini əhəmiyyətli dərəcədə artırmaq potensialına malik olduqları vurğulanıb. Bildirilib ki, dostluq və qarşılıqlı etimad mühitində hər iki tərəfin mənafeyi naminə birgə fəaliyyətin davam etdirilməsi zəruridir.
Tərəflər mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək üçün bir-birinin hüquqi mövqelərinə xələl gətirmədən mövcud və gələcək çətinliklər qarşısında həmrəylik ruhunu təşviq edəcəyini vurğulayıblar.
Türkiyə və Yunanıstan liderləri qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlərlə yanaşı, davamlı, konstruktiv və mənalı məsləhətləşmələr aparmağa dair razılaşma əldə ediblər.
Sənəd iki nüsxədə türk, yunan və ingilis dillərində imzalanıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Yunanıstanda rəsmi səfərdə olub.
**
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin ədalətli, daimi və dayanıqlı həllinin bütün bölgənin xeyrinə olacağını açıqlayıb.
Bu fikirlə o, Yunanıstanın Baş naziri Kyriakos Mitsotakislə birgə keçirilən mətbuat konfransında çıxış edib.
"Kipr məsələsinin adadakı faktlar əsasında ədalətli, daimi və dayanıqlı həlli bütün bölgənin xeyrinə olacaq",- o qeyd edib.
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə-Yunanıstan arasındakı mövcud problemləri beynəlxalq hüquq çərçivəsində konstruktiv dialoq, mehriban qonşuluq və birgə səylərlə həll etmək istəkləridir.
“Biz Egey və Şərqi Aralıq dənizindəki münasibətlərimiz haqqında fikir mübadiləsi apardıq və xarici işlər nazirlərimizdən işi müzakirə etmələrini istədik”, - deyə o əlavə edib.
Prezident Egey dənizini sülh və əməkdaşlıq bölgəsinə çevirmək istədiklərini də vurğulayıb: “Türkiyə və Yunanıstan olaraq atacağımız ortaq addımlarla dünyaya nümunə olmaq istəyirik”.
Türkiyə Prezidenti Yunanıstanda terrorçulara sığınacaq verən düşərgələrin yaradılmasının qarşısının alınması məsələsinə də diqqət çəkib: “Yunanıstanda terrorçulara sığınacaq verən düşərgələrin yaradılmasının qarşısını almaq üçün diqqətli olmaq lazımdır”.
**
Türkiyə və Yunanıstan arasında ticarət həcmi 10 milyard dollara çatdırılacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kyriakos Mitsotakislə birgə keçirilən mətbuat konfransında danışıb.
O qeyd edib ki, iki ölkə arasında hazırda 5 milyard dollar civarında olan ticarət həcmini 10 milyard dollara çatdırmaq barədə razılığa gəliblər:
"Hazırda 5 milyard dollar civarında olan ticarət həcmini 10 milyard dollara çatdırmaq barədə razılığa gəldik. Həmçinin İpsala-Kipi sərhəd qapısında ikinci körpünün tikintisi kimi nəqliyyat layihələrinin əhəmiyyətini qeyd etdik. Biz həm turizm, həm də mədəniyyət sahəsində də əlaqələrimizi inkişaf etdirməyi düşünürük".
**14:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstan Prezidenti Katerina Sakellaropulu ilə ikitərəfli görüşü başlayıb.
Bu barədə Rəcəb Tayyib Ərdoğanın “X” səhifəsində paylaşım edilib.
Qeyd edək ki, Ərdoğan Yunanıstanda səfərdədir.
Bu, son 70 ildə Türkiyə Prezidentinin Yunanıstana ikinci səfəridir. Birinci səfər 2017-ci ildə reallaşıb
**13:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın paytaxtı Afinaya çatıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısında iştirak edəcək.
**10:12
Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin dəvəti ilə və Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısında iştirak etmək üçün bu gün Yunanıstana rəsmi səfər edəcək.
Anadolu agentliyi xəbər verir ki, Afinada Prezident Ərdoğan və Baş nazir Mitsotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək iclasda Türkiyə-Yunanıstan münasibətləri bütün sahələrdə nəzərdən keçiriləcək. İki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar müzakirə olunacaq.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi əsaslarının gücləndirilməsinə yönəlmiş müxtəlif saziş və memorandumların imzalanması da nəzərdə tutulur.