Avropa İttifaqı (Aİ) qalıq yanacaqlardan mərhələli şəkildə imtina etməyə çağırır, lakin bərpa olunan enerjinin bütün dünya üçün əlçətan olmasını zəruri hesab edir.
TASS xəbər verir ki, bu barədə İspaniyanın Baş nazirinin müavini, ekoloji keçid və demoqrafik çağırışlar naziri Teresa Ribera BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.
“Bu kritik onillikdə COP28 dönüş nöqtəsi olmalıdır... Biz enerjinin yeni formalarını işləyib hazırlayarkən qalıq yanacaqlardan uzaqlaşaraq effektiv keçidə yol açmalıyıq. Biz texnologiya və maliyyələşdirmə, həmçinin biliyə çıxışı təmin etməklə bütün ölkələri bərpa olunan enerji ilə təmin etməliyik”, - Aİ adından danışan T.Ribera deyib.
Xatırladaq ki, cümə günü İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi qalıq yanacaqların gələcək istifadəsi üçün bir neçə variantı, o cümlədən onların mərhələli şəkildə ləğvi üçün müddəaları özündə əks etdirən COP28 yekun sənədinin layihəsini yayımlayıb.
Sənədin əsas bölməsində qalıq yanacaqlardan mərhələli şəkildə imtina ilə bağlı 4 yol təklif olunur ki, tərəflər yaxın günlərdə bunun üzərində müzakirələrə başlayacaq. Müqavilənin parametrləri üzrə yekun danışıqları aparan COP28 iştirakçıları təklif olunan yollardan birini seçməli və ya bəyənmədiklərini sənədin yekun versiyasından çıxarmalı olacaqlar.
COP28 dekabrın 12-dək davam edəcək.