Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkətinə qadağa qoyulub.
Senzor.az bildirir ki, bu barədə Gürcüstan Yol Departamentindən məlumat verilib.
Məhdudiyyət qar və çovğun səbəbindən tətbiq edilib. Digər növ nəqliyyat vasitələri sərbəst hərəkət edə bilirlər.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin məlumatına görə, yolun Kobi-Qudauri hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti fasiləsiz olaraq yalnız uçqunlardan qorunan tunellər vasitəsilə həyata keçiriləcək.
Mtsxeta-Stepantsminda-Lars şosesi - Gürcüstan Hərbi Yolu hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Kazbegi-Yuxarı Lars keçid məntəqəsi isə Gürcüstan və Rusiyanın quru sərhədində hazırda fəaliyyət göstərən yeganə keçid məntəqəsidir.
Senzor.az