Misirdə prezident seçkiləri başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkənin bütün əyalətlərində seçki məntəqələri açılıb və üç gün - dekabrın 12-dək fəaliyyət göstərəcək.
Milli Seçki Komissiyasının məlumatına görə, Misirdə səsvermə üçün 10 085 seçki məntəqəsi təşkil olunub. Seçkilərdə səsvermə hüququ olan 67 milyona yaxın vətəndaş iştirak edə biləcək. Səsvermə prosesinə bütün səviyyələrdə 15 min hakim nəzarət edir. Onların əsas vəzifəsi ümumi səsvermənin üçüncü gününün sonunda, yəni dekabrın 12-də axşam başlayacaq səslərin hesablanmasına nəzarət etməkdir.
Misirin hazırkı dövlət başçısı Əbdülfəttah əl-Sisidən başqa daha üç siyasətçi prezidentliyə namizəddir. Onların heç biri nə gənclər, nə də əhalinin digər təbəqələri arasında real dəstək görmür. Bunlar sol müxalifətçi Fərid Zəhran, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Hazem Ömər və vəkil Abdel Sənad Yamamadır.